Amerikalı aktrisalar Susan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda İsrailin Qəzza siyasətinə etiraz olaraq keçirilən aksiyada saxlanılan fəallar arasında olublar.
İsti.press xəbər verir ki, aksiya İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı öncəsi “Jewish Voice for Peace” təşkilatının çağırışı ilə keçirilib. Nümayişçilər arasında “İsraili silahla təmin etməyə son qoyun” və “Azad Fələstin” kimi şüarlar əks olunan plakatlar olub.
Nyu-York polisi aksiyada iştirak edənlərin yol hərəkətinə mane olduğunu bildirib. Hüquq-mühafizə əməkdaşlarının ərazini tərk etmələri barədə xəbərdarlıqlarından sonra ərazidən ayrılmayan şəxslər saxlanılıb. Reuters-in məlumatına görə, Sarandon və Aynbinder də saxlanılanlar arasında olub.
“Jewish Voice for Peace” təşkilatı isə aksiyada 100-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Təşkilat Sarandon və Aynbinderlə yanaşı bir sıra digər tanınmış şəxslərin də saxlanılanlar arasında olduğunu bildirib.
Qeyd edək ki, Susan Sarandon daha əvvəl də etiraz aksiyalarında saxlanılıb. Aktrisa 2018-ci ildə ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı Vaşinqtonda keçirilən aksiyada həbs edilmişdi.
