Rusiyanın Rostov-na-Donu şəhərində “Ruki Vverx!” qrupunun konsertində lazer şousunun tamaşaçıların telefon kameralarını sıradan çıxardığı iddia edilir.
İsti.press xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Tamaşaçılardan biri bildirib ki, konsertə üç dostu ilə birlikdə gedib. Konsertdən sonra onların dördünün də telefon kamerası işləməyib. Onlardan üçünün “iPhone 17 Pro Max”, birinin isə “Android” telefonundan istifadə etdiyi qeyd olunub.
Tamaşaçı iddia edib ki, oxşar problemlə digər şəxslər də qarşılaşıb. Onun sözlərinə görə, konsertdən əvvəl lazer və işıq avadanlıqlarının telefonlara zərər verə biləcəyi barədə xəbərdarlıq edilməyib.
Qrupun meneceri isə yalnız dörd belə haldan xəbərdar olduqlarını bildirib. O, işıq şousunun daha əvvəl bir neçə şəhərdə də nümayiş etdirildiyini və proqramın ləğv olunmayacağını açıqlayıb.
