Parisdə mərhum fransız aktrisa Bricit Bardonun şəxsi əşyalarının satıldığı hərrac başlayıb.
İsti.press xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hərracda aktrisanın təxminən 300 şəxsi əşyası satışa çıxarılıb. Lotlar arasında Bardonun Sen-Tropedəki evindən və Parisdəki mənzilindən mebellər, balet ayaqqabıları, “Olivetti” yazı maşını, gitaralar, velosiped, qab-qacaq, alışqanlar və aktrisanın kitabxanasında saxladığı “Kamasutra” kitabının nüsxəsi də var.
Həmçinin aktrisanın rəssamlar tərəfindən hədiyyə olaraq çəkilmiş portretləri də hərraca təqdim olunub.
Bardonun heyvanlara olan sevgisini əks etdirən əşyalar da satışdadır. Bunların arasında yumşaq oyuncaqlar, aktrisanın itlərinin boyunluqları və ev heyvanlarının fotoları yer alır.
Əşyaların əksəriyyətinin ilkin qiyməti 100 avrodan çox deyil. Lakin hərracı təşkil edən “Millon” auksion evi lotların daha yüksək qiymətə satılacağını gözləyir.
Satışdan əldə olunacaq vəsaitin bir hissəsi Bricit Bardonun təsis etdiyi heyvanların müdafiəsi fonduna, digər hissəsi isə aktrisanın oğluna veriləcək.
