Türk pop musiqisinin əfsanəvi sənətçisi Ajda Pekkan 80 yaşında yeni idman növünə başlaması ilə diqqət çəkib.
İsti.press xəbər verir ki, enerjisi və səhnə performansı ilə illərdir gündəmdə olan sənətçi bu dəfə həyatına su idmanlarını daxil edib.
Ajda Pekkan bacısı Semiramis Pekkanın “YouTube” kanalına qonaq olub və yeni təcrübəsindən danışıb. 80 yaşında su idmanları ilə məşğul olmağa başladığını deyən sənətçi bunun heç də asan olmadığını bildirib.
“Su idmanı ilə məşğul olmağa qərar verdim. Qeyri-mümkün görünən şeyləri etməyi sevirəm. Risk etməyi sevirəm. İdmanla məşğul oluruq, amma gec də olsa, su idmanlarını da öyrənmək lazımdır”, – deyə Pekkan bildirib.
Sənətçi su üzərindəki ilk təcrübəsini də maraqlı şəkildə təsvir edib:
“Bilirsən, özümü necə hiss edirdim? Suya düşmüş ördək balası kimi. Çünki bu, davamlı mübarizədir. Çox çətin idman növüdür, amma mütləq sınamalısan”.
